Rusiyanın İctimai Palatası tərəfindən “Azərbaycan və Rusiya münasibətlərinin yeni mərhələsi. Azərbaycan Respublikanın 23 illik müstəqilliyinin yekunları” mövzusunda dəyirmi masa keçirilmişdir
Cari ilin 17 oktyabr tarixində Rusiya Federasiyasının İctimai Palatası tərəfindən Azərbaycan Respublikasının Müstəqillik günü ilə əlaqədar “Azərbaycan və Rusiya münasibətlərinin yeni mərhələsi. Azərbaycan Respublikanın 23 illik müstəqilliyinin yekunları” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının deputatları Dmitriy Savelyev və Əhməd Erkenov, Rusiya Federasiya Şurasının Reqlament və parlamentin fəaliyyətinin təşkili Komitəsinin sədr müavini Sergey Məmmədov, İctimai Palatanın üzvləri, o cümlədən Rusiyanın İctimai Palatasının Xaricdə yaşayan həmvətənlərə dəstək və ictimai diplomatiyanın inkişafı üzrə Komissiyasının sədrinin birinci müavini Sergey Markov, Beynəlmiləl və təriqətlərarası münasibətlərin harmoniyalaşdırılması üzrə Komissiyasının sədri İosif Diskin, Ətraf mühitin mühafizəsi və ekologiya üzrə Komissiyasının üzvü Valeriy Serov, “Aspekt” Sosial və siyasi araşdırmalar Mərkəzinin prezidenti Georgiy Fyodorov, Humanitar-siyasi araşdırmalar İnstitutunun direktoru Vyaçeslav İqrunov, Donanmaya Dəstək üzrə Ümumrusiya Hərəkatının sədri, sabiq deputat Mixail Nenaşev, habelə ictimai xadimlər və buradakı elm mərkəzlərinin nümayəndələri iştirak etmişdirlər.
Olduqca müsbət və qarşılıqlı anlaşma şəraitində keçən tədbir zamanı çıxış edən natiqlər ilk öncə 18 oktyabr-Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqı və rəhbərliyini təbrik etmişdirlər. Onlar ölkəmizin regional və qlobal səviyyədə yeritdiyi tarazlaşdırılmış siyasəti həm Azərbaycan-Rusiya münasibətləri, həm də bölgədəki ümumi vəziyyət üçün sabitləşdirici amil kimi dəyərləndirmişdirlər. Azərbaycan-Rusiya siyasi təmaslarında son aylar ərzində müşahidə edilən canlanmanı təqdirəlayiq və rəmzi xarakter daşıyan hadisələr kimi səciyyələndirən rusiyalı natiqlər, bunun xüsusi əhəmiyyətini vurğulamışdırlar. Onlar dünyada baş verən siyasi çaxnaşmaların fonunda ölkəmizin inamla inkişaf etdiyini söyləmişdirlər. Azərbaycana etdikləri səfərləri zamanı Bakının surətlə inkişafının, buradakı multikulturalizm mühitinin, insanların xoş münasibətinin, müxtəlif din nümayəndələri və millətlərin sülh şəraitində yaşadıqlarının, şahidi olduqlarını demişdirlər.
Sergey Markov Bakı Beynəlxalq Humanitar Forumunun dünya miqyasında nüfuz qazandığını bildirərək, iki həftə əvvəl keçirilən IV Forumda 14 Nobel mükafatı laureatının bir yerə toplaşdığını xatırlatmış və Nobel kapitalının əsasının məhz Bakıda birinci neft bumu dövründə formallaşdığını demişdir. O, bu gün neft-qaz hasilatında yeni sıçrayış yaşayan Azərbaycanın əldə etdiyi gəlirləri düzgün istiqamətləndirərək hərtərəfli kompleks tərəqqiyə nail ola bildiyini bəyan etmişdir.
Dmitriy Savelyev RDLP-nin sədri Vladimir Jirinovski ilə birgə Bakıya səfər etdiyini və burada rus dilinə olan xoş münasibətdən məmnunluğunu ifadə etmişdir. Eyni zamanda o, Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində fəallıq nümayiş etdirməli olduğunu demişdir. Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması zamanının yetişdiyini söyləyən Dmitriy Savelyev, bundan nəinki Azərbaycan və Rusiya, hətta Ermənistanın da faydalana biləcəyini vurğulamışdır.
İosif Diskin öz çıxışında Azərbaycan və Rusiyanın strateji tərəfdaş olduğunu bildirərək, bir sıra digər postsovet ölkələrdən fərqli olaraq, Azərbaycanın səmərəli dövlət qura bildiyini, beynəlxalq münasibətlər sistemində çoxşaxəli siyasət apardığını önə çəkmişdir
Georgiy Fyodorov 2013-cü ildə Azərbaycanda keçirilmiş Prezident seçkilərinin gedişatını izləyən müşahidəçilər qrupunun tərkibində ölkəmizə səfər etdiyini məmnuniyyətlə xatırlayaraq, Azərbaycan-Rusiya əlaqələrinin yüksələn xətt ilə inkişafından danışmışdır.
Azərbaycanın Rusiyanın regionları ilə əməkdaşlığına toxunan Əhməd Erkenov, ölkəmizin Şimalı Qafqaz bölgəsində fəal olduğunu, buraya xeyli sərmayə yatırdığını diqqətə çatdırmışdır.
Sergey Məmmədov Rusiyada Azərbaycanın əsl dost yanaşmasını yüksək qiymətləndirildiyini bəyan etmiş, Rusiya və Azərbaycanın çoxlu oxşar maraqlara malik olduqlarını və öz mövqelərini birgə müdafiə edə biləcəklərini söyləmişdir.
Vyaçeslav İqrunov öz çıxışında yaxın bölgələrdə artan dini ifratçılıq meyllərinin region ölkələri, o cümlədən Azərbaycan və Rusiya üçün təhdid olduğunu və bu baxımdan birgə qabaqlayıcı əks tədbirlərin görülməsinin vacibliyini vurğulamışdır. Həmçinin o, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, onun region üçün ciddi təhdid təşkil etdiyini və status-kvonun uzadılmasının təhlükəli olduğunu bildirmişdir.
Mixail Nenaşev Rusiya və Azərbaycanın dəniz əməkdaşlığının əhəmiyyətindən danışmış, Rusiya hərbi gəmilərinin Bakıya dostluq səfərini isə müsbət dəyərləndirmişdir. Eyni zamanda Mixail Nenaşev Rusiyada yaşayan azərbaycanlılarla ünsiyyətin onda xoş təəssürat yaratdığını söyləmişdir.
Tədbirdə çıxış edən Səfir Polad Bülbüloğlu Azərbaycanın Müstəqillik günü ilə əlaqədar belə bir tədbirin təşkil olunmasına görə təşkilatçılara öz təşəkkürünü bildirmişdir. O, tədbir iştirakçılarının çıxışlarında qeyd edilən faktları və təəssüratları xatırladaraq, ölkəmizdə qısa müddət ərzində həqiqətən də misilsiz işlərin görüldüyünü və müsbət dəyişikliklərin baş verdiyini demişdir.
Azərbaycanın Rusiyadakı Səfiri müstəqilliyin ilk illərində Azərbaycanda baş verən hadisələrə toxunmuş və yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkəmizin stabillik və inkişaf yoluna qədəm qoyduğunu vurğulamışdır. Ölkəmizin bugünkü inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran Səfir, əsası 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf yolunun bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bəyan etmişdir. Bununla yanaşı Polad Bülbüloğlu ölkəmizdə aparılan islahatlar, geniş quruculuq və abadlıq işləri, salınan yollar, müşahidə olunan tərəqqi, insanların rifahının günü-gündən artdığını söyləmişdir.
Azərbaycanın xarici siyasəti sistemində Rusiya ilə ikitərəfli münasibətlərinə toxunan Səfir, hal-hazırda bir sıra dövlətlər tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyini və mənfi münasibət bəsləndiyini xatırlatmışdır. Azərbaycanın isə bu şəraitdə Rusiya ilə əməkdaşlığı fəallaşdırdığını, bununla həm özünün müstəqil mövqe tutmağa qadir olduğunu, həm də Rusiyaya etibarlı tərəfdaş və dost münasibətini açıq şəkildə nümayiş etdirdiyini vurğulamışdır. Səfir qeyd etmişdir ki, bu cür əməllər Rusiyanı düşündürməli, ona “kimin əsl dost, kimin isə ötəri yoldaş olması”nı göstərməli və düzgün nəticələrə gətirməlidir.
Son zamanlar həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərləri qeyd edən Azərbaycanın Rusiyadakı Səfiri, ikitərəfli əlaqələrin inkişafına Azərbaycan və Rusiya Prezidentləri arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təkan verdiyini söyləmişdir.
Dünyada və regionda baş verən hadisələrə toxunan Səfir, Ermənistan-Azərbaycan münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Münaqişənin yalnız regionun inkişafına təsir etmədiyini deyən Azərbaycanın Rusiyadakı Səfiri, ondan daha çox Ermənistanın özünün zərər gördüyünü bildirmişdir. Həmçinin Polad Bülbüloğlu Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən dəfələrlə çox olduğunu qeyd etmiş və silahlı qüvvələrimizin işğal edilmiş ərazilərimizi hərbi yolla azad etməyə qadir olduğunu vurğulamışdır. Lakin buna baxmayaraq, ölkəmizin münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu deyən Polad Bülbüloğlu, ATƏT-in Minsk Qrupunun üzvləri və həmsədr ölkələrini, o cümlədən Rusiyanı Ermənistana işğal etdiyi əraziləri azad etməsi üçün təsir etməyə çağırmış və Rusiyanın Ermənistana “Sən mənə dostsan, lakin həqiqət daha üstündür” deməli olduğunu bildirmişdir. Səfir münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edildiyini, lakin onların Ermənistan tərəfindən bu günədək yerinə yetirilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycanda həqiqət və ədalət kimi ali ümumbəşəri dəyərlərin tarixən əsas rol oynadığını, insanların həyatını müəyyən etdiyini deyən Səfir, ölkəmizdəki dözümlülük, dinlərarası və millətlərarası həmrəylik ənənələrinin məhz bundan irəli gəldiyini söyləmişdir. Azərbaycanın Səfiri cari ilin 26 sentyabr tarixində Şeyxülislam Hacı Allahşükür Paşazadənin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə keçirdiyi görüşü xatırlamış, insanlar arasında sülhün və əmin-amanlığın təmin olunmasında dini liderlərin müstəsna rolunun vacibliyini qeyd etmişdir.
Tədbirin sonunda Səfir Polad Bülbüloğlu yerli və Rusiyada akkreditə olunmuş xarici KİV-lərə müsahibə vermişdir.